“Qarabağ” Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək mövsümü “Qızıl dubl”la başa vurdu.
Ağdam təmsilçisi üçün cari "futbol ili"ni uğurlu hesab etmək olar. "Qarabağ"ın uğurlu çıxışının səbəbini öyrənmək üçün Aslan Kərimova müraciət etdik. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Qarabağ”ın həm Liqanı, həm də kuboku qazanması bir sürpriz olmadı. Onsuzda onların bu ilki performansı özlərini ən yaxşı tərəfdən göstərməyə imkan verirdi. Sadəcə, final çempionat oyunlarından fərqlənirdi. Matçın özü də, sübut etdi ki, “Qarabağ” “Zirə” üzərində asan qələbə qazana bilmədi.
“Qarabağ” bu il Avropa Liqasında möhtəşəm oynadı. Daxili çempionatda sona 6-7 tur qalmış çempionluğu rəsmiləşdirdilər və bu onların tarixində bəlkə də ən parlaq illərdən oldu.
Bu il çempionat ərzində heyəti qoruyub saxladılar. Baxmayaraq ki, mövsümün əvvəlində hər 2 cəbhədə oynamaq müəyyən çətinlik yaratdı. Daha sonra onlar bunun öhdəsindən gəldi və sonda möhtəşəm uğurlara imza ata bildilər”.